Hipofiz vəzi
Hipofiz qalxanvari vəzin, böyrəküstü vəzilərin və cinsiyyət vəzilərinin işini tənzimləyən hormonlar, eləcə də boy hormonu və prolaktin istehsal edir. Onun hormonlarından birinin artıq və ya çatışmaz olması bütün orqanizmə təsir göstərir. Hipofizlə bağlı ən çox rast gəlinən problemlərdən biri prolaktin yüksəkliyidir.
Akromeqaliya
Akromeqaliya hipofizin ön payının boy hormonunu (somatotrop hormon) artıq ifraz etməsi nəticəsində bədənin ayrı-ayrı hissələrinin patoloji böyüməsidir. Adətən boy artımı dayandıqdan sonra, yetkin yaşda, çox vaxt 40–60 yaşlarında yaranır; qadınlarda və kişilərdə təxminən eyni tezlikdə rast gəlinir.
- Üz cizgilərinin — burun, qulaq, dodaqlar, aşağı çənənin böyüməsi və qabalaşması;
- əl və ayaqların böyüməsi — pasiyent daha böyük ayaqqabı, əlcək və papaq almağa məcbur olur;
- dişlər arasında məsafənin artması, dişləmənin pozulması, dilin böyüməsi;
- səsin qalınlaşması və xırıltılı olması;
- daimi baş ağrıları, oynaq ağrıları;
- cinsi və reproduktiv funksiyanın pozulması.
Dəyişikliklər tədricən baş verdiyi üçün pasiyent onları çox vaxt hiss etmir və diaqnoz adətən xəstəliyin başlanmasından illər sonra qoyulur. Boy hormonunun artıqlığı ürək-damar və digər xəstəliklərin riskini artırdığından, erkən aşkarlanma vacibdir.
Şəkərsiz diabet
Şəkərsiz diabet adına baxmayaraq şəkərli diabetlə əlaqəli deyil: qanda şəkər normal olur, lakin orqanizm suyu saxlaya bilmir. Pasiyent çox miqdarda sidik ifraz edir və daim susuzluq hiss edir. Səbəb hipofizdən ifraz olunan antidiuretik hormonun çatışmazlığı və ya böyrəklərin bu hormona həssaslığının azalması ola bilər.
Kuşinq sindromu (kortizol artıqlığı)
Kuşinq sindromu qanda kortizol hormonunun uzun müddət yüksək olması nəticəsində yaranır.
- Yuvarlaq üz, ənsədə və çiyinlərdə piy toplanması
- Böyük qarın və nisbətən incə qol-ayaqlar
- Qarında çəhrayı-bənövşəyi çatlar (striyalar)
- Yüksək təzyiq, şəkərin yüksəlməsi, sümük əriməsi
- Çəki artımı və həddindən artıq yorğunluq
Ən çox rast gəlinən səbəb steroid (hormon) dərmanlarının — məsələn, prednizolon, metilprednizolon, hidrokortizonun uzun müddət qəbuludur; belə dərmanlar tez-tez astma və revmatoloji xəstəliklərdə istifadə olunur.
Steroid dərmanlarını heç vaxt özbaşına birdən kəsməyin — bu, təhlükəli ola bilər. Dozanın azaldılması yalnız həkim nəzarəti ilə aparılır.
Addison xəstəliyi (kortizol çatışmazlığı)
Addison xəstəliyində böyrəküstü vəzilər kifayət qədər kortizol (bəzən aldosteron da) istehsal etmir. Güclü halsızlıq, arıqlama, təzyiqin aşağı düşməsi, başgicəllənmə, ürəkbulanma, duzlu qidaya istək və dərinin tündləşməsi əsas əlamətlərdir. Xəstəlik ömürlük hormon əvəzedici müalicə və mütəmadi həkim nəzarəti tələb edir.
Konn sindromu (aldosteron yüksəkliyi)
Böyrəküstü vəzilər həddindən artıq aldosteron istehsal etdikdə arterial təzyiq yüksəlir və çox vaxt bir neçə dərmana baxmayaraq çətin nəzarət olunur. Qanda kaliumun azalması əzələ zəifliyi, qıc olmalar və tez-tez sidiyə getmə ilə özünü göstərə bilər. Gənc yaşda və ya çətin tənzimlənən hipertoniyada bu səbəbi yoxlamaq məsləhətdir.
Digər nadir endokrin xəstəliklər
Klinefelter sindromu — kişilərdə əlavə X xromosomu ilə bağlı genetik vəziyyətdir; testosteron çatışmazlığına və sonsuzluğa səbəb ola bilər. Nadir xəstəlik hesab olunsa da, təxminən hər 1000 oğlan uşağından birində rast gəlinir.
Səbəbsiz, sürətli arıqlama — pəhriz və idman olmadan insanın sanki «əriməsi» təhlükəli əlamətdir. Tireotoksikoz, şəkərli diabet, hipofiz və böyrəküstü vəzilərin fəaliyyətinin pozulması, eləcə də digər ciddi xəstəliklər belə arıqlamaya səbəb ola bilər — vaxt itirmədən həkimə müraciət edin.
Sual-cavab
Çox su içirəm, amma şəkərim normaldır. Səbəb nə ola bilər?
Susuzluğun bir çox səbəbi var — isti hava və fiziki yükdən tutmuş dərmanlara qədər. Lakin şəkər normal olduğu halda həddindən artıq susama və çoxlu sidik ifrazı şəkərsiz diabetin də əlaməti ola bilər. Səbəbi dəqiqləşdirmək üçün həkimə müraciət edin.
Təzyiqim dərmanlara baxmayaraq düşmür. Endokrin səbəb ola bilərmi?
Bəli, ola bilər. Aldosteron yüksəkliyi (Konn sindromu), kortizol artıqlığı və qalxanvari vəzin pozğunluqları təzyiqin çətin tənzimlənməsinə səbəb ola bilər. Belə hallarda endokrin müayinə məsləhətdir.