Osteoporoz — «səssiz» xəstəlik
Osteoporoz sümüklərin mineral sıxlığını itirməsi və kövrəkləşməsidir. Xəstəlik adətən illərlə heç bir əlamət vermədən inkişaf edir — sümüklər yavaş-yavaş zəifləyir və nəticədə kiçik bir yıxılma belə sınığa səbəb ola bilər. Buna görə osteoporozu «səssiz oğru» da adlandırırlar.
Osteoporoza ən çox 50 yaşdan sonra, xüsusilə qadınlarda rast gəlinir. Lakin bu, yalnız qadın xəstəliyi deyil — kişilərdə də görülür və çox vaxt gec aşkarlanır.
Risk amilləri
- menopauza və estrogen səviyyəsinin azalması;
- steroid (hormon) preparatlarının uzun müddət qəbulu;
- qalxanvari və paratiroid vəzilərin xəstəlikləri;
- D vitamini və kalsium çatışmazlığı;
- hərəkətsiz həyat tərzi, siqaret, ailədə osteoporoz.
Diaqnoz üçün sümük mineral sıxlığı ölçülür (densitometriya), qanda kalsium, D vitamini və lazım olduqda paratiroid hormon yoxlanılır. Düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi osteoporozun qarşısının alınmasında mühüm rol oynayır.
Bilirdinizmi? Sümük toxuması da hormon kimi təsir göstərən maddələr ifraz edir — tədqiqatlar göstərir ki, onların bəziləri hətta iştahın tənzimlənməsində iştirak edir.
D vitamini çatışmazlığı
D vitaminini əsasən günəş şüalarının təsiri ilə alırıq. Qida məhsullarında — yumurtada, balıqda, qaraciyərdə, süd məhsullarında da var, lakin gündəlik ehtiyacı tam ödəmir. Havalar soyuyanda günəşi daha az görürük; qapalı yerdə çalışan insanlarda isə çatışmazlıq daha tez-tez olur. Artıq çəkisi olan insanlar da D vitamini çatışmazlığına daha meyillidir.
Ona görə tövsiyə olunur ki, əvvəlcə qanda D vitamininin səviyyəsi yoxlanılsın, sonra isə həkimin təyin etdiyi dozada qəbul edilsin.
D vitamininin artıqlığı da zərərlidir
Yaxşı olan hər şeyin artıqlığı zərərli ola bilər. D vitamininin uzun müddət nəzarətsiz qəbulu qanda kalsiumun artmasına səbəb olur. Bunun əlamətləri:
- Ürəkbulanma, qusma, mədə ağrısı
- Yorğunluq, başgicəllənmə
- İştahsızlıq
- Həddindən artıq susama və tez-tez sidiyə getmə
İstənilən vitamin preparatını nə özünüz, nə də uşaqlarınız üçün «immuniteti artırmaq» məqsədi ilə həkim məsləhəti olmadan qəbul etməyin.
Vitaminləri özbaşına qəbul etmək olarmı?
Hər şeyin çoxluğu ziyan olduğu kimi, vitaminlərin artıqlığı da orqanizmə ciddi ziyan vura bilər, hətta zəhərlənməyə səbəb olar. Son vaxtlar dəbdə olan «il boyu D vitamini içmək» yanaşması yanlışdır. İstənilən vitamin mütləq həkim nəzarəti altında qəbul edilməlidir.
Halsızlıq və yorğunluq
Az hərəkət etdiyi halda çox yorulan insanlarda səbəb tez-tez qan azlığı (anemiya), qalxanvari vəz xəstəlikləri, insulin direnci, B12 və D vitamini çatışmazlığı olur. Vitamin almağa tələsməzdən əvvəl səbəbi analizlərlə dəqiqləşdirmək lazımdır.
Paratiroid hormon və kalsium
Paratiroid hormon (parathormon) bədəndə kalsium mübadiləsini tənzimləyən əsas hormonlardan biridir. O, qalxanvari vəzin yanında və arxasında yerləşən kiçik paratiroid vəzilər tərəfindən istehsal olunur; insanların çoxunda bu vəzilərin sayı dörddür.
- Birincili hiperparatireoz — paratiroid hormonun yüksəlməsinin ən çox rast gəlinən səbəbi vəzilərdən birinin böyüməsidir (paratiroid adenoması).
- İkincili hiperparatireoz — vəzidə böyümə olmadan hormonun yüksəlməsi; xroniki böyrək çatışmazlığında və D vitamini çatışmazlığında rast gəlinir.
Sual-cavab
Osteoporoz yalnız qadınlarda olur?
Xeyr. Osteoporoz daha çox 50 yaşdan sonra qadınlarda rast gəlinsə də, kişilərdə də olur. Risk amilləri varsa, sümük sıxlığını yoxlatmaq məsləhətdir.
D vitaminini il boyu içmək olarmı?
Nəzarətsiz yox. Əvvəlcə qanda D vitamininin səviyyəsi yoxlanılmalı, doza və qəbul müddəti həkim tərəfindən müəyyən edilməlidir. Artıqlığı qanda kalsiumun yüksəlməsinə səbəb olur.
Uşağa immunitet üçün vitamin vermək olarmı?
Vitamin preparatlarını uşaqlara «immuniteti artırmaq» məqsədi ilə həkim məsləhəti olmadan verməyin. Ehtiyac olub-olmadığını və dozanı həkim müəyyən edir.