Yumurtalıqların polikistoz sindromu (PCOS)
Polikistoz yumurtalıq sindromu reproduktiv yaşda olan qadınlarda ən çox rast gəlinən endokrin pozğunluqlardan biridir. O, insulin direnci ilə sıx bağlıdır və tək ginekoloji deyil, metabolik problem kimi də qiymətləndirilməlidir.
- Nizamsız, gecikən və ya olmayan aybaşı
- Üzdə və bədəndə artıq tüklənmə, səpgilər, saçın seyrəlməsi
- Çəki artımı və arıqlamağın çətinləşməsi
- Hamiləliyin baş verməsində çətinlik
Müayinəyə hormon analizləri, insulin direncinin yoxlanılması və ginekoloqla birlikdə kiçik çanaq orqanlarının ultrasəs müayinəsi daxil ola bilər. Müalicə şikayətlərə və məqsədə — tsiklin nizamlanmasına, tüklənmənin azaldılmasına, hamiləlik planlaşdırılmasına görə fərdi seçilir.
Hirsutizm (kişi tipli tüklənmə)
Hirsutizm qadınlarda üzdə (əsasən çənədə), sinədə və bel nahiyəsində kişi tipli, sıx və qalın tüklərin çıxmasıdır. Adətən qanda kişi cinsi hormonlarının — androgenlərin, xüsusən testosteronun artıq olması ilə bağlıdır; ən çox rast gəlinən səbəblərdən biri polikistoz yumurtalıq sindromudur.
Tüklənmə yalnız kosmetik problem deyil — o, hormonal pozğunluğun əlaməti ola bilər. Buna görə kosmetoloji prosedurlardan əvvəl səbəbi endokrinoloq müayinəsi ilə dəqiqləşdirmək məsləhətdir.
Menstrual pozğunluqlar və hormonal səpgilər
Aybaşı tsiklinin pozulmasının səbəbləri arasında qalxanvari vəz xəstəlikləri, prolaktin yüksəkliyi, polikistoz yumurtalıq sindromu və insulin direnci kimi endokrin problemlər tez-tez rast gəlinir.
Üzdə səpgilər (akne) də çox vaxt hormonlarla bağlıdır. Akne androgenlərin artdığı dövrdə — yeniyetməlikdə güclənir; gənc qadınlarda isə menstrual tsikl boyunca dəyişən hormon səviyyələri ilə əlaqəli ola bilər. Endokrin səbəblərə polikistoz yumurtalıq sindromu, testosteronun artması, bəzi kontraseptivlər, qalxanvari vəzin pozğunluqları, insulin direnci və prolaktinoma aiddir.
Prolaktin yüksəkliyi (hiperprolaktinemiya)
Prolaktin beyindəki hipofiz vəzinin ön hissəsində istehsal olunur. «Süd hormonu» kimi tanınsa da, o, maddələr mübadiləsinə, immunitetə və aybaşı dövrünə də təsir edir. Prolaktinin qanda normadan artıq olması həm qadın, həm də kişi sonsuzluğunun əsas səbəblərindən biridir.
- Menstrual tsiklin pozulması və ya aybaşının tam kəsilməsi
- Döş vəzilərindən süd ifrazı (qalaktoreya)
- Cinsi istəyin azalması, kişilərdə ereksiyanın zəifləməsi
- Çəki artımı, depressiv əhval
- Hipofizdə şiş olduqda — baş ağrıları və görmə pozğunluğu
Prolaktin bəzi dərmanların təsirindən, qalxanvari vəzin zəif işləməsindən və ya hipofizin xoşxassəli şişindən (prolaktinoma) yüksələ bilər. Səbəb dəqiqləşdirildikdən sonra müalicə seçilir.
Endokrin sonsuzluq
Sonsuzluq tək bir hormonla izah olunmur. Həm qadın, həm də kişi sonsuzluğunun kökündə çox vaxt hormonal pozğunluqlar dayanır: qalxanvari vəz, hipofiz, prolaktin, testosteron və estrogen balanssızlıqları valideyn olmaq arzusunu illərlə gecikdirə bilər. Doğru diaqnoz — düzgün yol xəritəsi deməkdir.
Sonsuzluq müalicəsinə başlamazdan əvvəl hormon səviyyələrini yoxlatmaq bir addım öndə olmaq deməkdir. Belə hallarda endokrinoloq və ginekoloqun (kişilərdə uroloq-androloqun) birgə yanaşması xüsusilə faydalıdır.
Kişi sonsuzluğunda hormonlar
Spermoqramda göstəricilərin, xüsusən sperma konsentrasiyasının aşağı olduğu kişilərə hormonal müayinə tövsiyə olunur. Əsas hormonlar follikulstimullaşdırıcı hormon (FSH) və testosterondur; onların nəticəsinə görə lüteinləşdirici hormon (LH), prolaktin, estrogen və qalxanvari vəz hormonları da qiymətləndirilir.
- Testosteron cinsi istəyə, erektil funksiyaya, əzələ kütləsinə, piyin paylanmasına və sperma istehsalına təsir edir.
- FSH sperma istehsalında iştirak edir, LH isə testislərdə testosteron istehsalını stimullaşdırır.
- Yüksək prolaktin testosteron və sperma istehsalını poza bilər.
Kişilərdə hormonal disbalans yorğunluq, çəki artımı, cinsi istəyin azalması, erektil disfunksiya, əhval dəyişkənliyi, yaddaşın zəifləməsi və əzələ kütləsinin itməsi ilə özünü göstərə bilər. Kişi sonsuzluğuna tək prizmadan yanaşmaq düzgün deyil — hər pasiyent fərdi qiymətləndirilməlidir.
İdman və testosteron
Əzələ yığmaq üçün təkcə məşq və protein tozu yetərli olmaya bilər. Mütəmadi məşqə baxmayaraq nəticə ala bilmirsinizsə, səbəb hormonal ola bilər — məsələn, testosteron çatışmazlığı. Belə hallarda hormon səviyyəsini yoxlatmaq ən yaxşı məşq planından da vacib ola bilər. Hormon preparatlarını həkim təyinatı olmadan qəbul etmək təhlükəlidir.
Ginekomastiya
Ginekomastiya kişilərdə süd vəzisi toxumasının böyüməsidir. Cinsi yetişkənlik dövründə oğlanlarda bu, çox vaxt keçici fizioloji haldır, lakin hormonal pozğunluqlarla da bağlı ola bilər. Uzun müddət davam edən ginekomastiyada toxuma dəyişir və dərmanla müalicə çətinləşir — buna görə vaxtında endokrinoloq müayinəsi vacibdir.
Sual-cavab
İnsulin direnci hamiləliyə mane ola bilərmi?
İnsulin direnci, xüsusən polikistoz yumurtalıq sindromu ilə birlikdə, yumurtlamanı (ovulyasiyanı) poza və hamiləliyin baş verməsini çətinləşdirə bilər. Belə hallarda insulin direncinin müalicəsi reproduktiv funksiyanın bərpasına kömək edir. Hamiləlik planlaşdırarkən endokrinoloq və ginekoloqla birlikdə müayinədən keçmək məsləhətdir.
Tüklənmə üçün lazer etdirməzdən əvvəl hormon analizi lazımdırmı?
Kişi tipli tüklənmə hormonal pozğunluğun əlaməti ola bilər. Səbəb aradan qaldırılmadıqda tüklənmə təkrarlana bilər, ona görə əvvəlcə endokrinoloq müayinəsindən keçmək məsləhətdir.
Sonsuzluqda hansı hormonlar yoxlanılır?
Bu, şikayətlərə və cinsə görə dəyişir. Tez-tez qalxanvari vəz hormonları, prolaktin, FSH, LH, estrogen, testosteron və insulin direnci göstəriciləri qiymətləndirilir. Hansı analizlərin lazım olduğunu həkim müayinədən sonra müəyyən edir.